Poroşenko ABŞ hərbi texnikasını qarşılamağa silahla getdi - VİDEO

ABŞ Ukraynaya növbəti zirehli texnika partiyası göndərib. APA TV-nin məlumatına görə, Kiyevin Borispol aeroportuna enən Amerika təyyarəsini və texnikanı müşayiət edən heyəti Ukrayna prezidenti Pyotr Poroşenko şəxsən qarşılayıb. Poroşenko Kiyevə gələn ABŞ nümayəndəsi Brüs Donaxla görüşə hərbi geyimdə və silahlı gedib
 
Xatırladaq ki, son iki gün ərzində Ukraynaya ABŞ istehsalı olan onlarla "Hamvi" markalı zirehli hərbi maşınlar gətirilib. Gələcəkdə bu texnikanın sayının 230-a çatdırılacağı bildirilib. Texnikanın Ukraynaya çatdırılması 45 gün ərzində yekunlaşacaq. Poroşenko bildirib ki, üzərinə Ukrayna bayraqları taxılan texnika aeroportdan birbaşa əməliyyat zonasına göndərilir.
 
Ukrayna hərbçiləri Donbasdakı hərbi əməliyyatlarda artıq Amerika istehsalı olan rabitə, radar və gecəgörmə cihazlarından istifadə edirlər. Xatırladaq ki, Kiyevə ABŞ-dan əlavə Böyük Britaniya 20 "Saxon" markalı hərbi maşın göndərib. Vaşinqton isə öz növbəsində Ukraynaya daha ciddi silah və texnika ilə yardım məsələsinin gündəmdə olmadığını bildirib. Rusiya prezidenti Vladimir Putin də baş verənlərə münasibət açıqlayıb. O bildirib ki, ABŞ Ukraynaya silah göndərdiyini təkzib etsə də, bu belə deyil. 

Müəllif | Apa.Tv
Apa.tv