Ceyranbatanda piyada faciəli şəkildə ölüb

Ötən gecə Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.  APA TV-nin məlumatına görə, hadisə magistral yolun 20-ci kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb. Sürücü Məmmədov Rahil Adil oğlu taksi qismində idarə etdiyi "Daewoo" markalı minik maşını ilə Sumqayıtdan paytaxt istiqamətində gedərkən yola çıxan piyadanı vurub. Sürücünün sözlərinə görə, yol boyu işıqlandırılma olsa da, piyadanın vurulduğu nöqtə kifayət qədər qaranlıq olub. Bu da görməni çətinləşdirib.
 

Avtoqəza zamanı dünyasını dəyişən şəxsin kimliyi hələlik bilinmir. Onun təxminən 25-30 yaşlarında olduğu deyilir. Şahidlərin sözlərinə görə, mərhum yaxınlıqdakı obyektlərin birində fəhlə işləyirmiş və hər gecə eyni yolla evinə gedirmiş. 
 

Yol qəzasının hansı şəraitdə baş verməsi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırılır. Mərhumun meyiti müayinə olunmaq və şəxsiyyətinin dəqiqləşdirilməsi üçün məhkəmə tibb ekspertizasına göndərilib. Qeyd edək ki, hadisədən sonra meyit tanınmaz hala düşüb.

Müəllif | Apa.Tv