Salyanda ev yandı, ana körpəsini son anda xilas etdi

Salyan rayonunda yanğın hadisəsi baş verib. Ana son anda qızını yanğından xilas edə bilib. APA TV-nin məlumatına görə, hadisə ötən gün Salyan rayonunun Plastik yaşayış massivində qeydə alınıb. 35 yaşlı Hüseyn Xəlilova məxsus fərdi yaşayış evi qəfldən alovlanmağa başlayıb. Bu zaman ev sahibəsi həyətdə paltar yuduğundan yanğından xəbərsiz olub.  Havanın küləkli olması alovun əhatə dairəsini daha da genişləndirib.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və 15 nəfər canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın yarım saata kimi söndürülüb. Buna baxmayaraq  90 kvadratmetr sahəsi olan 2 otaqlı ev içərisindəki əşyalarla birlikdə yanaraq kül olub. Yanğın qonşunun evinə də keçib. Həmin evin dam örtüyünün 1 kvadratmetr sahəsi yansa da qalan hissəsi yanğından mühafizə edilib. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv