Saatların irəli çəkilməsi: komfort, yoxsa diskomfort?

1997-ci ildən etibarən ölkəmizdə yay və qış vaxtı tətbiq olunur. Hər il mart ayının son bazar günü saatların əqrəbləri bir saat irəli çəkilməklə, Azərbaycanda qış vaxtı ləğv edilir və yay vaxtına keçilir. Bu gecə saatların əqrəblərini irəli çəkməyi unutmayın.

 

1981-ci ildən başlayaraq, saatların əqrəbi hər il dünyanın 110 ölkəsində irəli çəkilir. Azərbaycanda bu qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Hər il oktyabrın son bazar günündə isə Azərbaycan ərazisində qış vaxtına keçilir. İldə iki dəfə dəyişdirilən vaxt insanlar üçün də təsirsiz ötüşmür.

 

Psixoloq Elnur Rüstəmov deyir ki, bu ən çox meteohəssas insanlara təsir edir: “Sabah iş günü olduğu üçün ola bilər saatların irəli çəkilməsi iş sisteminə müəyyən qədər təsir etsin. Yeni vaxta adaptasiya prosesi isə bir-iki gün çəkir”.

 

Psixoloqun sözlərinə görə, saatların əqrəblərinin dəyişməsinin müsbət tərəfləri daha çoxdur: “İndi gün uzanır, bu, o deməkdir ki, insanlar çöldə daha çox vaxt keçirəcəklər. Bilirsiniz ki, havanın işıqlı olması insanlara daha çox müsbət təsir göstərir. Biz depressiyada olan insanlara havada daha çox gəzmələrini tövsiyə edirik.  Gün işığı nə qədər çox olarsa, bu, insanların əhval-ruhiyyəsinə daha çox müsbət təsir edəcək. Ailələr işdən sonra daha çox vaxt keçirə bilərlər”.

 

İldə iki dəfə saatların əqrəblərini irəli-geri çəkən insanlar üçün isə bu proses bəzən problemə çevrilir. Onlar hesab edirlər ki, saatların irəli – geri çəkilməsi yuxusuzluq yaradır, davranışlarda gərginlik özünü büruzə verir.

 

“Çətindir. Adamın səhhətinə təsir edir. Namazın vaxtlarını yadımdan çıxarıram. İki ay çəkir öyrəşmək, sonra bir də baxırsan o biri vaxt çatdı. Yenə saatları geri çəkməli olursan”.

 

“Bəli, çətin olur. Öyrəşənə qədər problemdir. Uşaqlar üçün də çətindir. Onlar məktəbə getdikləri üçün səhər erkən qala bilmirlər”.

 

Ancaq bu dəyişikliyə əhəmiyyət verməyib, gündəlik həyatlarına davam edənlər daha çoxdur.

 

“Mənim üçün heç bir təsiri yoxdur. Sağ olsun dövlət də pensiya verir. Səhər qalxıram, vaxtında yeyirəm, idman edirəm. Bəlkə işləyən insanlara təsir edə bilər. Amma mənim üçün heç bir zərəri yoxdur”.

 

“Heç bir problem yoxdur. Onsuzda bir həftədən sonra adi hala çevrilir”.

 

Qeyd edək ki, qonşu ölkələrdən Rusiya, İran, Gürcüstan, həmçinin, Çin, Yaponiya, Cənubi Koreya, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Estoniya, Ukrayna və sair ölkələr yay vaxtına keçidi ləğv ediblər.  

Müəllif | Apa.Tv