Mikayıl Mirzənin qardaşı oğlunun qatili daha bir nəfəri öldürdü

Ağsu rayonunda eyni gündə ikinci müəmmalı qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, hadisə dünən Ağsu şəhərinin Şakir Hacıyev küçəsindəki 6 saylı evdə baş verib. Həmin ünvanda kirayədə yaşayan və Səməd Vurğun küçəsindəki 66 saylı mənzildə qeydiyyatda olan 62 yaşlı Ələkbərov Ramiz Ələkbər oğlu özünə məxsus avtomobilin nasaz mühərrikini təmir etdirmək bəhanəsi ilə mühərrik ustası işləyən 49 yaşlı Soltanov Sərxan Əsgər oğlunu kirayədə yaşadığı evə dəvət edib. Ramiz Ələkbərov evinə çağırdığı Sərxan Soltanovu əvvəlcədən hazırladığı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

 

Ağsu Rayon Polis Şöbəsindən APA TV-yə o da bildirilib ki, Sərxan Soltanovu qətlə yetirən Ramiz Ələkbərov həmin ov tüfəngi ilə dünən səhər saatlarında Ağsu aşırımındakı “Ata yurdu” restoranının qarşısında xalq artisti, tanınmış aktyor Mikayıl Mirzənin qardaşı oğlu, sahibkar Mahir Mirzəyevi də öldürərək qaçıb. Məlumata görə, Ramiz Ələkbərov şəxsi maşını ilə Ağsu aşırımından keçməklə Şamaxı rayonunadək gedib, sonra avtomobilini Şamaxıda yolun kənarında saxlayaraq, yoldan keçən başqa avtomobilə oturub və Qobustan rayonunun Mərəzə qəsəbəsinədək gedib. Ramiz Ələkbərov orada həmin avtomobildən də düşərək naməlum istiqamətdə yollanıb. Hazırda respublikanın hüquq-mühafizə oqranlarının əməkdaşları bir gündə iki nəfəri amansızlıqla qətlə yetirən Ramiz Ələkbərovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir. Ramiz Ələkbərovun hər iki şəxsi bir gündə öldürməsinin dəqiq səbəbi hələlik  məlum deyil.

 

Mərhum Mahir Mirzəyevin əmisi oğlu Vüsal Mirzəyev bildirib ki, Ağsuda böyük hörməti olan, insanlarla xoş və mehriban davranışı ilə seçilən, heç kimə pisliyi dəyməyən, xeyirxah əməlləri ilə rayon sakinlərinin xatirəsində yaxşı insan kimi qalan sahibkar və incəsənətlə məşğul olan Mahir Mirzəyevin düşməni olmayıb və onun ölümünə görə heç kimdən şübhələnməyiblər.

 

Hər iki Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb

Müəllif | Apa.Tv
Elvin Yaqubov