Bakıda avtobus "Mercedes"lə toqquşdu: 2 ölü, 2 yaralı

 

Bakının Xətai rayonu ərazisində iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. 49 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu ilə Rüstəm Bədirovun idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü Rüstəm Bədirov və həmin avtomobildəki sərnişin Mübariz Abbasov ölüb. Avtobusda olan iki sərnişin - Aysel Hüseynova və Tamara Abdullayeva isə xəsarət alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, yaralıların vəziyyəti normaldır.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

 

Qeyd edək ki, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində hərəkət istiqamətlərindən biri təmir işləri ilə əlaqədar bağlıdır. "Mercedes" markalı avtomobil isə əks hərəkət zolağı ilə yüksək sürətlə hərəkət edib və qarşıdan gələn avtobusla toqquşub.

 

 

Müəllif | Apa.Tv