Bakıda qəzaya uğrayan avtomobil yanıb, 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb

Ötən gecə Bakıda əks yola çıxan avtomobil ağır qəzaya səbəb olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Ağır yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonu ərazisində, Ziya Bünyadov prospektində baş verib.

 

APA TV-nin məlumatına görə, 49 yaşlı Şahbazov Fərrux  Ataman oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Ziya Bünyadov prospekti ilə metronun "Qara Qarayev" stansiyası istiqamətində hərəkətdə olarkən əks hərəkət zolağına çıxıb. Nəticədə "VAZ 2107" qarşıdan gələn və Vüqar Əliyevin idarə etdiyi “Chevrolet”lə toqquşub. Toqquşma çox güclü olub və qəzaya səbəb olduğu iddia edilən avtomobilin sürücüsü Fərrux Şahbazov sükan arxasında ölüb.

 

Fərrux Şahbazovun meyitinin deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Sürücünün meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

 

“Chevrolet” markalı avtomobil isə toqquşmadan sonra qəfildən alışıb. Sürücü Vüqar Əliyev və sərnişin Orxan Nağıyev hadisə şahidləri tərəfindən yaralı vəziyyətdə avtomobildən çıxarılıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan APA TV-yə  verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.

 

Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları yanan avtomobili söndürüblər və ətrafdakı digər avtomobillər mühafizə olunub. “Chevrolet” isə yanaraq, yararsız vəziyyətə düşüb.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv