Bakının mərkəzində iki avtomobil toqquşub

Gecə saatlarında Bakının mərkəzində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində, Zərifə Əliyeva və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

 

28 May küçəsi ilə hərəkətdə olan "Hyundai" markalı şəxsi minivan "Range Rover" markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Dövlət Yol Polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, avtomobillərdən biri iki küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığına məhəl qoymayıb və hərəkətini davam etdirib. Daha bir versiya isə bundan ibarətdir ki, "Hyundai" 28 May küçəsi ilə hərəkətdə olarkən işıqforun sarı işığında dayanmayıb, Zərifə Əliyeva küçəsinin 28 May küçəsi ilə kəsişməsində dayanmış "Range Rover" isə işıqforun yaşıl işığını gözləmədən hərəkətə başlayıb.

 

Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. Ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirildikdən sonra hadisəyə hüquqi qiymət veriləcək və günahkar sürücü müəyyən ediləcək.

 

Müəllif | Apa.Tv