Azərbaycan millisi Maltaya qalib gəldi - QOLLAR

Ötən gün Avropa çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Malta ilə qarşılaşıb. Qrupda 4 oyun keçirən yığmamızın bu qarşılaşmayadək aktivində xal yox idi. Əvvəlki 4 görüşdə meydanı məğlub tərk edən komandamız ilk qələbəsinə sevinib.

 

4-cü dəqiqədə Cavid Hüseynov hesabı açıb. “Qəbələ”nin futbolçusunun vurduğu qol komandamızı fasiləyə üstün yola salıb.

 

70-ci dəqiqədə Əfran İsmayılovun yerinə meydana daxil olan Dmitri Nazarov matçın son dəqiqələrində fərqi artırıb – 2:0.

 

Oyunda bundan başqa qol olmayıb və yığmamız seçmə mərhələdə ilk 3 xalını qazanıb.

 

Xatırladaq ki, “cırtdan” ölkə təmsilçisi ilə görüş xorvatiyalı baş məşqçimiz Robert Prosineçki üçün də əlamətdar olub ki, təcrübəli çalışdırıcı bu postda millimizi ilk oyuna çıxarıb. Düzdür, xorvat mütəxəssis komandamızla Antalyadakı təlim-məşq toplanışında Ukrayna “Şaxtyor”u ilə matçda debüt edib. Lakin, bu, yoxlama olduğundan, rəsmi status daşımırdı.

 

Qeyd edək ki, 10 xalla Xorvatiya və İtaliya milliləri H qrupunda 1-2-ci yerləri tutur. Norveç yığması 9 xalla 3-cü, Bolqarıstan 4 xalla 4-cü sırada qərarlaşır. Aktivində 3 xalı olan Azərbaycan millisi sonuncu pillədəki Malta yığmasından 1 pillə irəlidədir.

Müəllif | Apa.Tv
Apa.tv