Sabunçuda kişi bərabər yaşadığı qadını boğaraq öldürüb - TƏFƏRRÜAT

Martın 28-də Bakının Sabunçu rayonunda törədilən qətl hadisənin təfərrüatları məlum olub. Sabunçu Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, Qocayev küçəsi 126 ünvanında "Toyota Prado" markalı, 90 LU 455 dövlət nömrə-nişanlı avtomobilin arxa oturacağından boğulduğu ehtimal edilən qadın meyiti aşkarlanıb. Aparılan araşdırmalarla qətlə yetirilən şəxsin 1969-cu il təvəllüdlü Əlişova Zeynəb İsmayıl qızı olduğu müəyyənləşib. Onu qeyri-rəsmi nikahda olduğu 1960-cı il təvəllüdlü Bayramov Nuruddin Məmmədtağı oğlunun öldürdüyü məlum olub. APA TV-yə daxil olan məlumata görə, hadisədən öncə hər iki şəxs spirtli içki qəbul edib. Sərxoş cütlüyün arasında mübahisə düşüb və Nuriddin Bayramov qadını boğaraq öldürüb, meyitini isə özünə məxsus avtomobilə qoyub. O, ətrafda çox insanın olduğunu görüb və avtomobili orada qoyaraq hadisə yerindən uzaqlaşıb. Nuriddin Bayramovun Bakıxanov qəsəbəsində mənzil alqı-satqısı ilə məşğul olduğu bildirilir.

 

Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın verdiyi məlumata görə, Nuriddin Bayramov şübhəli şəxs qismində saxlanılıb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Müəllif | Apa.Tv