Suriyanın İdlib şəhəri müxalifətin əlinə keçdi

Suriyanın İdlib şəhəri müxaliflərin əlinə keçib. Ölkənin şimal-qərbində yerləşən şəhəri Nüsra Cəbhəsinin də daxil olduğu "Fəth Ordusu" birliyi dörd günlük mübarizədən sonra Suriya ordusundan təmizləyib. "Al Jazeera"nin xəbərinə görə, silahlı müxalifət şəhərə bütünlükdə nəzarət etsə də, bəzi nəzarət nöqtələrində hələ döyüşlər gedir.

 

APA TV-nin xəbərinə görə, "Fəth Ordusu" komandanlarından Usamə Əbu İbrahim ötən gün şəhərin əsas ticarət, səhiyyə, elm və dövlət idarələrinin müxaliflərin əlinə keçdiyi, İdlibin 60 faizinə nəzarət etdikləri barədə məlumat vermişdi. Çətin vəziyyətə düşən Əsəd ordusunun böyük hissəsi 20 hərbi maşınla şəhəri tərk edə bilib.

 

Şəhər uğrunda gedən döyüşlərdə mülki şəxslərin öldüyü qeyd olunur.

 

Qeyd edək ki, bir müddət öncə Əhraru Şam, Nüsra Cəbhəsi, Aksa əsgərləri, Sünnət ordusu, Feyleku Şam və Haqq Tuğayı kimi böyük qruplar "Fəth Ordusu" adı altında "İdlibə birgə hücum" həyata keçirmək məqsədi ilə birləşdiklərini elan edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı