Yəmən böhranı: Şiə qiyamçılar Ədənə doğru irəliləyir

Səudiyyə Ərəbistanının liderliyi ilə koalisiya qüvvələri Yəmən ərazisinə hava zərbələrini davam etdirir. APA TV-nin məlumatına görə, bu gecə husilərin nəzarətində olan Səna hava limanı davamlı şəkildə bombalanıb. Paytaxt Səna şəhərinə tam nəzarət edən şiə qiyamçılar ölkənin liman şəhəri olan Ədənə doğru irəliləməkdədirlər. Husi İdarə Heyətinin üzvü Əli əl-Asimi bildirib ki, bombardmanlar onları tutduğu yoldan geri döndərməyəcək. O bombardmanlar nəticəsində Səna hava limanının infrastrukturunun məhv edildiyini deyib. 
 
Ölkəni tərk edərək Səudiyyə Ərəbistanına gedən Yəmənin devrilmiş prezidenti Mansur Hadi isə əməliyyatın husitlər ələ keçirdikləri binaları tərk edənə kimi davam etdiriləcəyini deyib: “Husitlər bizim müstəqilliyimizə təhdid törədir. Hərbi hissələri, hökumət binalarını ələ keçirdilər. Şəhərləri nəzarətə götürüb, ölkənin qanuni prezidentini devirmək istədilər”. 
 
Əməliyyatın sonadək davam edəcəyini açıqlayan Səudiyyə ərəbistanı isə Yəməndə olan 100-dən artıq BMT əməkdaşını gəmilər vasitəsilə təxliyə edib.

Müəllif | Apa.Tv
Apa.tv