Tverdə öldürülən azərbaycanlı taksi sürücüsünün qatili həmyerlimiz çıxdı - TƏFƏRRÜAT

Rusiyanın Tver şəhərində azərbaycanlı taksi sürücüsünü qətlə yetirən şəxs həbs olunub. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, qatil də azərbaycanlıdır. 42 yaşlı şəxsin kimliyi hələlik açıqlanmır. Xatırladaq ki, hadisə iki gün öncə adı çəkilən şəhərin "Sovetski" rayonundakı dayanacaqlardan birinin yaxınlığında baş verib. Qətlə yetirilən 29 yaşlı sürücünün meyiti taksi dayanacağından 80 metr kənarda aşkarlanıb. O, ürək və qarın nahiyələrindən bıçaq zərbələri alıb. Şahid ifadələrinə görə, tərəflər arasında mübahisə başlayıb. Mübahisə edən şəxslər taksiyə oturub kənara çəkiliblər, bir neçə dəqiqə sonra sürücü avtomobildən düşüb və ətrafdakıları köməyə çağırıb. O, bir neçə metr addımladıqdan sonra yıxılıb. Təcili yardım gələnə qədər o, keçinib. Polis onların əvvəlcədən tanış olduqlarını deyir.

Müəllif | Apa.Tv
Apa.tv