Bu ilin dəbi: yaz və yay geyimləri rəngarəng olacaq

"Gözəllik ondur, doqquzu dondur" deyən xanımların diqqəti bizdə olsun, yaz-yay kolleksiyasının rəngindən və dəbindən danışacağıq. Öncə paytaxt sakinləri arasında keçirdiyimiz kiçik sorğunu təqdim edək:

 

- Dəblə maraqlanmıram. Daha çox idman stilinə üstünlük verirəm. Çünki rahat geyimdə olmaq məni gün boyu sərbəst və rahat edir.
 

- Dəblə maraqlanıram, daha çox rəngli geyimlərə üstünlük verirəm. Amma sərbəst geyimləri sevirəm.
 

- Dəblə ayaqlaşmağa çalışıram. Sərbəst geyimi sevirəm.

 

- Yaz fəsli başlayandan rəngli geyimlərə tələbat artıb. Qırmızı, sarı və açıq rəngli mini ətəklər daha çox alınır. Enli şalvarlar, kətan donlar alıcıların marağına səbəb olur.

 

"2015-ci ilin yaz-yay kolleksiyasında fərqliliklər olsa belə, əsasən rənglər öz aktuallığını itirməyəcək. Bu geyim formalarına və kəsimlərə də şamil edilə bilər. Artıq uzun müddətdir ki, dominant rənglər dəbdə deyil, yeni mövsümdə yenə  rəngarənglik üstünlük təşkil edəcək".

 

Bunu APA TV-yə müsahibəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova deyib: "İndi dominant rənglərə daha az rast gəlirik. Bu, eyni zamanda gözlərimizi də yorğunluqdan da qoruyur. Çəhrayı rəng ilin rəngidir, bu rəng öz aktuallığını qışda da qoruyub saxladı, yaz-yay kolleksiyasında da demək olar ki, bu rəng ön sıradadır. Ağ-qara rəng mövsümlərin dəyişməz rəngidir, qırmızı rəng də həmçinin. İlin rənglərinə gəlincə, göy və yaşıl rəngin bir çox çaları bu il də öz yerini qoruyub saxlayacaq. Yaz-yay kolleksiyasında irəlidə olan rəng çəhrayı rəngin işıqlı çalarıdır, ağ-qara və sarı rəng fəslin lideri olacaq".

 

Bədən ölçülərinin kiçik və böyük görünməsinə geyim rənginin təsirinə gəlincə,  modelyer deyir ki, bu, daha çox geyiniləcək libasın rəngindən yox, kəsimindən asılıdır: "Rəng hər bədəndə fərqli görünə bilər. Çox önəmlidir ki, kəsim düzgün, parçanın keyfiyyəti yaxşı olsun. Yəni burda parçanın incəliyi, ətliliyi, möhkəmliyi, bədənə uyğunluğu əsas götürülməlidir. Eyni formanı fərqli-fərqli formalarda kəsə və müxtəlif nəticələr əldə edə bilərsən. Kəsim çox vacib məqamdır. İncə görünmək üçün tünd və monoton rənglərə üstünlük vermək yanlışdır. Çünki tünd rəng insanı həmişə incə və arıq göstərmir. Bəzən ağ rəngin özü yetəri qədər kilolu xanımı və kişini əgər düzgün kəsilibsə, incə göstərə bilər. Bundan başqa, tünd geyimdən incə görünmək üçün istifadə düzgün seçim deyil".

 

Parlaq daşlı aksessuarların dəbdə olduğunu bildirən Gülnarə Xəlilova deyib ki, ən sadə geyimi belə bəzək əşyaları ilə daha cəlbedici və gözəl göstərmək mümkündür: "Aksessuarlar dedikdə biz çantanı, ayaqqabını, papağı, eynəyi, saat, qolbağı, üzük və şərfləri əsas götürürük ki, bütün bunlar həm geyimi tamamlayır, həm də gözəl və cazibədar görkəm verir. Sadə bir neçə paltarın və çoxlu aksessuarın varsa, o geyimləri fərqli formalarda təqdim etmək mümkündür. Ona görə də aksessuarlar qadınların ayrılmaz bəzək əşyalarıdır. Geyim tərzinə uyğun aksessuar seçmək vacibdir. Geyimə az pul xərcləyən insan üçün üç-dörd saya rəngli paltar seçib onu fərqli aksesuarlarla ətrafın gözünü yormadan geyinmək olar. Aksessuar kimi eynəklər də çox aktualdır. Əvvəllər eynəklər yayda taxılırdısa, artıq ilin bütün fəsillərində eynəkdən istifadə etmək dəbdir. Bu, həm də gözlərimizi qoruyur".

 

Gülnarə Xəlilova yay mövsümündə burnuuzun, dikdaban, həm də yastıdaban ayaqqabıların dəbdə olacağını deyir. Çantaların da rəngbərəng olacağına diqqət çəkən Gülnarə Xəlilova böyük ölçülü çantaların dəbdə olacağını bildirib. Yəni, kimə necə rahatdırsa, bu da onun üçün dəbdir. Həmişə gözəl görünün, əziz xanımlar!

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı