Novruz bayramından sonra solan səmənilər hara atılmalıdır?

Səməni Novruz bayramının əsas atributlarından biridir. Məhsuldarlıq, bolluq, eyni zamanda yazın gəlişi anlamı daşıyır. Müxtəlif inanc və niyyətlə becərilən səmənilər bayramdan sonra axar suya atılmalıdır. Təəssüf ki, paytaxtın zibil qutularında kifayət qədər solmuş səməniyə rast gəlmək mümkündür. APA TV-nin keçirdiyi sorğu zamanı paytaxt sakinləri bunu Bakıda axar suyun olmaması ilə əlaqələndiriblər.

 

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov hesab edir ki, səmənilərin zibilliyə atılması ilk növbədə insanların adət-ənənələrdən uzaq düşməsi ilə əlaqədardır. Səməni axar suya atılmalıdır. Lakin şəhər mühitində axar su yoxdursa, o zaman qapalı su hövzəsinə də atmaq olar: "Mən əslində səməninin zibilliyə atılmasının qəti əleyhinəyəm. Əgər yaxınlıqda çay yoxdursa, o zaman Bakıda yaşayan insanlar səmənini dənizə və ya göllərə də ata bilərlər. Təbii ki, bu zaman ekoloqlarımızla məsləhətləşmək mütləqdir. Çünki dənizə atılan səmənilər ekoloji baxımdan çirklilik yarada bilər. Onu da deyim ki, səməni balıqların ən çox sevərək yedikləri yemdir. Dənizə və ya gölə atılan səmənini də balıqlar yeyir".

 

Lakin su hövzəsinə getməyə imkan yoxdursa, səmənini ərzaq qidalarının qalıqlarının qoyulduğu qutulara qoymaq düzgün olardı. Bu zaman diqqət edilməlidir ki, səməni digər çirkli zibillərə qarışmasın və ayaq altında qalmasın. O məsləhət görür ki, solan səməni torpağa basdırılsın. Çünki torpaq da təmizlik, paklıq rəmzidir.

 

Folklorşünasın sözlərinə görə, səmənini suya atma mərasimi uzun illərdən bəridir, bir çox bölgəmizdə qorunub saxlanılır. Məsələn, Qubada hər il bayramdan 13 gün sonra yəni aprelin 2-də "Səməni atdı" mərasimi keçirilir. Ürəyində arzu və niyyəti olan sakinlər səmənidən xonça düzəldib su başına gəlirlər, niyyət edərək səmənini suya atırlar. İnanclara görə, növbəti ilədək həmin şəxsin arzusu çin olur.

 

Müəllif | Apa.Tv