Bakıda taksi sürücüsünü döyüb, maşınını qaçırdılar

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib. APA TV-nin məlumatına görə, 53 yaşlı İntiqam Ağayev "20 Yanvar" metrostansiyasının ərazisində "Hyundai" markalı avtomobili ilə taksi fəaliyyəti göstərən zaman iki nəfərin hücumuna məruz qalıb. İntiqam Ağayevin maşınına müştəri qismində oturan iki nəfər onları Abşeron rayonunda "At yalı" deyilən yerə aparmasını xahiş edibr. Deyilən əraziyə çatanda müştərilər taksi sürücüsünə qarşı zor tətbiq ediblər. Əl nahiyəsindən bıçaq xəsarəti yetirdikləri İntiqam Ağayevin əl-qolunu bağlayaraq, maşının yük yerinə qoyublar.

 

Bundan sonra avtomobilin sükanı arxasına keçən cinayətkarlar sürücünü yoldan bir qədər kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. Sürücü yaxınlıqdan keçənlərin köməkliyi  ilə hadisə barədə polisə və ailə üzvlərinə məlumat verib.

 

Qaçırılan maşında İntiqam Ağayevin iki ədəd mobil telefonu və şəxsi sənədləri olub. Hazırda sürücü İntiqam Ağayevə xəsarət yetirərək maşınını qaçıran şəxslərin axtarışı davam etdirilir. Zərərçəkənə məxsus "90 SL 602" dövlət nömrə nişanlı, "Hyundai Elentra" markalı maşını görənlərdən Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə məlumat vermələri xahiş olunur.

 

Müəllif | Apa.Tv