Fransada seçkilər: Hakim partiya məğlub oldu

Fransada yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər hakimiyyət partiyasının ağır məğlubiyyəti ilə nəticələnib. APA TV-nin məlumatna görə, Sosialistlər 30 departamentə nəzarəti itiriblər. Onların arasında prezident Fransua Ollandın doğulduğu bölgə - Korreze də var. "Exit-poll"un nəticələri də bunu təsdiqləyir. Seçkinin ikinci turu martın 29-da başa çatıb. Eks-prezident Nikolya Sarkozinin rəhbərlik etdiyi mühafizəkar "Xalq Hərəkatı Ittifaqı" tərəfdarları mərkəzçilərlə birlikdə artıq qələbəni bayram etməyə başlayıblar. Məlumata görə, onlar 68-69 departamentdə qalib gəliblər. Sosialistlər isə 29-30 bölgədə seçkiləri udub. Marin Le Penin lideri olduğu sağ-radikal "Xalq Cəbhəsi" partiyası öz mövqelərini möhkəmləndirsə də, heç bir departamentdə çoxluq qazana bilməyib. Hakim sosialistlər təxminən 30 departamentə rəhbərliyi əldən verib. Seçkilərə qədər onlar 61, mühafizəkarlar və mərkəzçilər isə 40 departamentə nəzarət edirdi. Ölkənin baş naziri Manuel Vals artıq məğlubiyyəti etiraf edib. O, bildirib ki, seçki məntəqələrində vətəndaşların dilindən hakimiyyətə qarşı narazılığı öz qulaqları ilə eşidib: "Onlar işsizlikdən, vergilərin artmasından, bahalı həyatdan bezdiklərini bildirirdilər" deyə baş nazir vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv