Bəşər Əsəd: “Suriya, Rusiya və İranın hədəfləri oxşardır”

“Rusiya Dəməşqin etibarlı müttəfiqidir və dünyada stabilliyin bərqərar olmasına can atır”. APA TV-nin məlumatına görə, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın CBS telekanalına müsahibəsində deyib. Əsəd bildirib ki, Suriya və Rusiyanın hədəfləri çox oxşardır: “Hər iki ölkə və İran münaqişənin siyasi yollarla həllinə və stabilliyə can atır. Suriya, Rusiya və İran mövcud münaqişəyə eyni prizmadan yanaşır. Qərb dövlətləri Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdürlər, xüsusilə ABŞ bu dövlətləri tərəfdaş qismində görmək istəmir. Qərb yalnız öz tərəfdarlarını qəbul edir. Hətta Avropa belə Birləşmiş Ştatların tərəfdaşı deyil”. 

 

Bəşər Əsəd bəzi dövlətlərin İŞİD-in mövcudluğunda maraqlı olduğunu deyib: “İŞİD-ə qarşı koalisiyada təmsil olunan bəzi ölkələrə bu terror təşkilatının qalması sərf edir. Onlar İŞİD vasitəsilə digər dövlətləri təhdid və şantaj edirlər.

 

Buna görə də terrorçuluğa qarşı ciddi bir mübarizənin aparılmasından danışmağa dəyməz. Beynəlxalq koalisiya İŞİD-ə qarşı hərbi əməliyyatlara başladıqdan sonra terrorçuların sıraları daha da genişlənib. Bəzi hesablamalarımıza görə, hər ay Suriyaya minədək yeni terrorçu gəlir”. 
 

Suriya prezidenti bildirib ki, nə qədər qəribə görünsə də, aviazərbələr İŞİD-in daha da güclənməsinə səbəb olur.

Müəllif | Apa.Tv
Apa.tv