Martın son günü ölkədə hava yağıntılı və küləkli olacaq
"Əvvəlcədən xəbər verildiyi kimi, martın 29-u şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti dəyişib, səhərədək bəzi yerlərdə yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağıb".
Bunu APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib: "Bu gün ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək".
Bakıda və Abşeron yarımadasında temperatur 5-7 dərəcəyədək isti təşkil edir. Bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunacaq. Martın 31-də günün ikinci yarısından başlayaraq, yağıntıların tədricən kəsiləcəyi gözlənilir: "Aprelin 1-i gün ərzində isə əksər rayonlarda yağmursuz hava şəraiti proqnozlaşdırılır. Bakıda havanın sabah gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu isə ayın 1-də və 2-də 7-9 dərəcə isti olacaq".