QMİ sədri: "Azərbaycana qarşı olan dini ekstremist qüvvələr mövcuddur"

"Bəzi dövlətlərin Azərbaycanın varlığını gözləri götürmür. Bu gün bizə qarşı dini ekstremist qüvvələr, cərəyanlar var".  

 

APA TV-nin xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı keçirilən tədbirdə deyib. Sədr bildirib ki, ayrı-seçkilik salanların Ermənistanla bağlantısı üzə çıxır. Onlar təkfirçi və digər adlarla Azərbaycana gəliblər: "Biz bunlarla çox ehtiyatlı olmalıyıq. Getdiyimiz yol doğru yoldur. Allahın bizə buyurduğu yoldur və bu yolla gedəcəyik. Amma indi çox çətin dövrdə yaşayırıq. Bu gün doğru yol ilə getmək çox çətin məsələdir”.

 

Allahşükür Paşazadə müsəlmanlar arasında məzhəb ayrı-seçkiliyinin yaradılmasını xarici qüvvələrin bir dindən olan qardaşlar arasında nifaq yaratmaq istəkləri olduğunu deyib: "Biri birini şiə adlandırır, biri o birini sünni adlandırır. Bunlar hamısı məqsədlidir. Bunlar hamısı bizi bir-birimizdən ayırmaq deməkdir. Bu, siyasətdir və bu, bizi parçalamağa yönəlib. Amma biz buna gedən deyilik. Məzhəb ayrı-seçkiliyinə getməyəcəyik".

 

Şeyxülislam Yəməndə baş verən hadisələrə də münasibət bildirərək təəssüflə vurğulayıb ki, ərəb dövlətləri Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilməyib. Amma Ərəb Ölkələri Liqası Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaradıb.

 

Müəllif | Apa.Tv