Bərdədə regional “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb. “ASAN xidmət” mərkəzi Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarında qeydiyyatda olan və ümumi sayı 800 minə yaxın vətəndaşa xidmət göstərir. Hazırda 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə Sabirabad və Bərdədir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar. Ümumilikdə fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub.
APA TV-nin xəbərinə görə, Bərdə "ASAN xidmət" mərkəzinin sədri Elman İsayev deyib ki, bu gün 250-dən çox vətəndaşa xidmət göstərilib. Ən çox ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, notariat üzrə müraciətlər var. Bütün xidmətlər aktivdir.
Bərdədəki “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 170 nəfərdir ki, onların da 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də yaradılıb. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var. Bundan əlavə, böyüklərin istirahəti və əylənmələri üçün də tələblər nəzərə alınıb.