Bakıda qəza törədən sürücü yaralı sərnişini hadisə yerində qoyaraq qaçıb

 

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib, sürücü yaralı sərnişini hadisə yerində qoyaraq qaçıb. APA TV-nin məlumatına görə, Bakı Beynalxalq Avtovağzalının yaxınlığında Xırdalandan şəhər istiqamətində hərəkətdə olan "Daewoo" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil beton yolayrıcına çırpılıb, daha sonra isə aşıb.

 

Hadisə şahidi Yusif İsrafilovun dediyinə görə, betona dəydikdən sonra aşan maşın yanmağa başlayıb.

 

Yanğının qarşısı alındıqdan sonra sürücü və sərnişin avtomobildən çıxarılıb. Xəsarət almayan sürücü hadisə yerindən qaçıb. Qəza baş verən əraziyə yol polisi, təcili tibbi yardım və yanğından mühafizə xidmətinin əməkdaşları gəliblər. Xəsarət alan sərnişin xəstəxanaya çatdırlıb.

Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Hadisə yerindən qaçan sürücünün tapılması və qəzanın səbəblərinin dəqiqləşdirilməsi üçün tədbirlər görülür.

Müəllif | Apa.Tv