Prezident İlham Əliyev Ağ Şəhər bulvarında görülən işlərlə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev Bakı Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına layihə çərçivəsində görülən işlər barədə məlumat verilib.
Bakı Ağ Şəhər bulvarı prezident İlham Əliyevin tapşırığı ilə əvvəllər paytaxtın “Qara şəhər” kimi tanındığı və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində ən müasir standartlara uyğun şəkildə salınır. 2013-cü ilin mayında prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlamaqla paytaxtımızın simasını daha da gözəlləşdirəcək.
Bakı sakinlərinin və şəhərin qonaqlarının istirahəti üçün Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində olacaq, müasir iaşə və xidmət obyektləri yaradılacaq. Burada dənizkənarı piyada yolları çəkiləcək, xüsusi yaşıllıq zonaları yaradılacaq, müxtəlif sahilbərkitmə işləri həyata keçiriləcək. Həmçinin bulvarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyada keçidləri də inşa ediləcək.
Dövlət başçısı yeni bulvarın müxtəlif yerlərində aparılan inşaat işlərinin gedişi ilə maraqlanıb və müvafiq tapşırıqlarını verib.