Koalisiya qüvvələri Yəməndə qaçqın düşərgəsini bombaladı: 40 ölü

Koalisiya qüvvələrinin Yəmənin şimalında yerləşən qaçqın düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində 40 nəfər ölüb. APA TV xəbər verir ki, bu barədə məlumatı Yəmənin husi qiyamçıların Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Harad rayonunda yerləşən qaçqın düşərgəsinə ümumilikdə, dörd zərbə endirilib. İnsident nəticəsində azı 250 nəfər yaralanıb. Hücumun hədəfinin yaxınlıqdakı hərbi obyektin olduğu ehtimal edilir. 

 

Səudiyyə Ərəbistanı donanması husilərin xaricdən silah və dəstək almasını əngəlləmək üçün Yəmən limanlarının mühasirəyə alıb. Məlumatı BBC Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən yayıb. Səudiyyə Ərəbistanının səfiri BBC-yə bildirib ki, İran husilərə silah yardımı edir. Amma bunu həm Tehran, həm də husilərin özləri təkzib edir.

 

Yəmənin Hüdeydə bölgəsində devrilmiş hakimiyyət tərəfdarlarının aksiyası qanlı toqquşmalarla nəticələnib. "Ənsərullah" husi hərəkatının üzvləri Hüdeydə şəhərinin bəzi küşələrində keçirilən aksiyaları dağıdıb. Toqquşmalar nəticəsində 1 nəfərin öldüyü, 10 adamın isə yaralandığı bildirilir. Aksiya iştirakçıları husilərin şəhərdən çıxmasını tələb ediblər.

 

Qeyd edək ki, siyasi böhranın yaşandığı Yəməndə husilərin paytaxt Səna və daha bir neçə şəhəri ələ keçirməsindən sonra prezident Əbdürrəbu Mənsur Hadi Ədəni "müvəqqəti paytaxt" elan edib. Bundan sonra husi qiyamçılar Ədənə doğru irəliləməyə başlayıblar. Mənsur Hadi administrasiyasının Ərəb Dövlətləri Liqasına hərbi müdaxilə çağırışından sonra martın 26-ına keçən gecə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən şiələrinə qarşı əməliyyatlara başlayıb. Əməliyyatda Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Sudan, İordaniya və Misir iştirak edir.

 

Bu arada isə Pakistanın da Yəməndəki döyüş əməliyyatlarına dəstək məqsədilə hərbçilərini göndərəcəyi bildirilir. Məlumatı Reuters yayıb. Bununla belə, Pakistanın müdafiə naziri hökumətin bu barədə qərarının mövcudluğunu təkzib edib. Onun sözlərinə görə, bu gün Pakistan nümayəndə heyəti Yəmən əməliyyatını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gedəcək.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv