Mikayıl Mirzənin qardaşı oğlunu öldürən şəxs tutuldu

Ağsu rayonunda 2 nəfəri qətlə yetirən şəxs saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, martın 28-də Ağsu rayonunda 2 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov martın 30-da axşam saatlarında rayon Polis Şöbəsinə gələrək könüllü olaraq təslim olub və törətdiyi cinayət əməllərini etiraf edib.

 

E. Sultanov həmçinin bildirib ki, Ramiz Ələkbərov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Qeyd edək ki, martın 28-də Ramiz Ələkbərov “Ağsu aşırımı”nda yerləşən “Ata yurdu” kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini tərk edib.

 

R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilib və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilib.


R.Ələkbərova məxsus “Renault” markalı avtomobil Bakı-Şamaxı şossesinin 119-cu kilometrliyində aşkar edilib və sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi götürülüb.


Faktla bağlı cinayət işi başlanıb. 

 

Xatırladaq ki, qətlə yetirilən M.Mirzəliyev Azərbaycanın xalq artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.

Müəllif | Apa.Tv
Apa.tv