“Qazprom” gözlənilmədən Ukraynaya qazı ucuz qiymətlə satmağa razılıq verdi

“Qazprom” Ukraynaya güzəştli qiymətlərlə qaz satışının müddətini daha üç ay uzatmağa razılaşıb. APA TV-nin məlumatına görə, bu gözlənilməz qərarı Rusiyanın energetika naziri Aleksandr Novak açıqlayıb. O bildirib ki, Avropa İttifaqı ilə birlikdə “Qazprom” da Rusiya hökumətinə müraciət edərək Ukraynaya qazı güzəştli qiymətlərlə satmağı xahiş edib. Avropa İttifaqı ilə “Qazprom” arasında yeganə fikir ayrılığı güzəştli qiymətlərin tətbiq olunacağı müddətlə bağlıdır. Brüssel güzəştlərin 6 ay müddətinə tətbiqini istəyir, “Qazprom” isə yalnız üç ay müddətinə razılaşıb. Aleksey Miller bildirib ki, ixrac olunan qaza tətbiq olunan rüsum üç ay müddətinə ləğv edilsə, “Qazprom” Ukraynaya hər min kubmetr qazı 250 dollardan sata bilər. Bu, Avropada ən ucuz qaz qiymətlərindən biridir. 

 
Xatırladaq ki, Rusiya, Avropa İttifaqı və Ukrayna qaz nəqlinin prinsiplərini hələ martın 20-də razılaşdırıb. İlkin razılaşmaya əsasən, Kiyev yerlatı anbarlara vurmaq üçün 12-19 milyard qaz alacaq, Avropa İttifaqı isə pulu hissələrlə ödəyəcək. Lakin danışıqlardan dərhal sonra Ukraynanın energetika naziri Vladimir Demçişin bildirib ki, ölkə ikinci rübdə ümumiyyətlə Rusiyadan qaz almaq niyyətində deyil. O deyib ki, Kiyev üçün Avropa ölkələrindən hər min kubmetri 270 dollardan qaz almaq daha sərfəlidir. 
 

“Qazprom”un Ukraynaya qazı ucuz qiymətlə satmaq qərarı Rusiyanı narahat etmir. Rusiya tərəfi bildirir ki, üç ay ucuz qaz satmaqla “Qazprom” onsuz da heç nə itirməyəcək, Ukrayna əhaliyə satılan qazın qiymətini qaldırdıqdan sonra, “Qazprom” da qazın qiymətini 3-5 dəfə qaldıraraq, itkilərini kompensasiya edəcək. Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun Ukraynaya ayırdığı 17,5 milyard dollar kreditin əsas şərtlərindən biri əhaliyə satılan qaz və istilik enerjisinin qiymətlərini bahalaşdırmaqdır.

Müəllif | Apa.Tv
Apa.tv