"Azəryolservis": Babək prospektində və Yusif Səfərov küçəsində sıxlıq aradan qaldırılıb

Aparılan genişləndirilmə işləri, dönmə əməliyyatı üçün yeni salınan hissə, o cümlədən hərəkət istiqamətinin dəyişdirilməsinə baxmayaraq, Bakının Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində sıxlıq bu günə qədər davam edirdi. Həyata keçirilən bu işlər sıxlığın aradan qaldırılmasına hesablansa da, Babək prospektinin bağlanaraq, bütün hərəkətin - istər Heydər Əliyev prospektinə, istərsə də Xətai prospektinə və Koroğlu Rəhimov küçəsinə hərəkət etmək istəyən nəqliyyat vasitələrinin tunel vasitəsilə Yusif Səfərov küçəsinə istiqamətləndirilməsi həmin tunellə yanaşı, Yusif Səfərov küçəsində uzunmüddətli tıxaca səbəb olurdu. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC -in müdaxiləsindən sonra bu gün səhər saatlarında istər Babək prospektində, istərsə də Yusif Səfərov küçəsində sıxlıq aradan qaldırılıb. Artıq həmin ərazidə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkəti təmin olunub. Yusif Səfərov küçəsinin Babək prospekti ilə kəsişməsində yol göstəriciləri, yol nişanları və üfüqi nişanlanma xətlərinin tələbləri də pozulmasa vəziyyət bugünkündən də daha yaxşılığa doğru dəyişəcək. Deməli, mühəndis yanaşması ilə nəinki həmin ərazidə, digər sıxlıq olan yerlərdə də vəziyyəti tənzimləmək olar. Belə nəticə hasil olur ki, hər şey hərəkətin təşkilindən çox asılıdır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yeni tikinti, yenidənqurma işləri ilə yanaşı, yaxın gələcəkdə paytaxt Bakı şəhərində hərəkətin tənzimlənməsi üçün müvafiq addımlar atacaq.

Müəllif | Apa.Tv
Apa.tv