Ermənilərin əsas məqsədi Azərbaycan ərazilərində “Böyük Ermənistan” yaratmaqdır - MƏQALƏ
"Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir".
Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun "Azərtac"da dərc olunmuş məqaləsində qeyd olunub. Məqalədə bildirilir ki, bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.
Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan silahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək Dağlıq Qarabağbölgəsinin (4,4 min kvadratkilometr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdi.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin bir çoxunda Ermənistan işğalçı dövlət kimi göstərilmişdir.
Münaqişənin nizama salınması prosesində Azərbaycan Prezidenti İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin dövlət başçısı Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün bütün vasitələrdən istifadə olunacağını qətiyyətlə vurğulamışdır.