Sabahdan ali məktəblərə sənəd qəbulu başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ölkənin ali təhsil müəssisələrinə  (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edib. Ərizələrin qəbulu aprelin 1-dən aprelin 30-dək internet vasitəsilə həyata keçirilir. APA TV-nin xəbərinə görə, qurumun mətbuat katibi Elnur Nağızadə bildirib ki, abituriyentlərin böyük əksəriyyəti ərizə formalarını internet vasitəsi ilə doldurduqdan sonra özlərinin internetlə ərizələrini təsdiq etmək imkanına malik olacaq. Müəyyən kateqoriyaya aid abituriyentlər ərizələrini internetlə doldurduqdan sonra müvafiq sənəd qəbulu komissiyasında həmin ərizə formasında təsdiq etdirməlidirlər: "Bunlar da əsasən, əvvəlki illərin məzunları olan oğlan abituriyentlərdir. Onların hərbi sənədləri yoxlanılır".

 

I qrupda xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər ərizələrini ümumu qaydada elektron formada təsdiq etdirdikdən sonra aprel ayının 15-dən 30-dək qabiliyyət imtahanı komissiyasında qeydiyyatdan keçməlidirlər. Jurnalistika ixtisası üzrə təhsil almaq istəyən gənclər isə 3-cü ixtisas qrupu üzrə ərizə formasını təsdiqini təmin etdikdən sonra TQDK-nın internet saytında anket formasını doldurmaqla qeydiyyatdan keçməlidir.

 

Bu il tələbə qəbulunda bəzi yeniliklər olub və 5-ci ixtisas qrupu yaradılıb: "5-ci ixtisas qrupuna əvvəlki illərdə 3-və 4-cü ixtisas qrupuna ayrılmış xüsusi qabiliyyət tələb edən ixtisaslar daxil edilib".

 

5-ci qrupdakı ixtisasları seçmək arzusunda olan abituriyentlər eyni zamanda 1,2,3 ya 4-cü ixtisas qrupları üzrə hər hansı birinə də müsabiqədə iştirak etmək hüququna malikdirlər. Amma təbii ki, onlar yalnız bir ixtisasa qəbul oluna bilərlər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova