Bakıda taksi sürücüsünü döyərək maşınını oğurlayanlar yaxalanıb

Martın 28-də Bakıda taksi sürücüsünə fiziki güc tətbiq edib, avtomobilini qaçıran şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ceyhun Nəsirov və İlqar Abbasov şübhəli şəxs qismində saxlanılıblar. Hər iki şəxs əməlini etiraf edib.

 

Qeyd edək ki, həmin gün 2 şəxs paytaxtın “20 Yanvar” dairəsinin yaxınlığında Bakı şəhər sakini İntiqam Babayevin taksi kimi idarə etdiyi “Hyundai-Elantra” markalı avtomobilə sərnişin qismində oturub, Abşeron rayonunun Hökməli qəsəbəsinin Atyalı yaşayış massivinə gedəcəyini bildirib. Mənzil başına çatdıqda isə bıçaqla İ.Ağayevi hədələyərək sağ əlinə xəsarət yetirib, sonra sürücünü zorla düşürüb əl-ayağını bağlamaqla ələ keçirdikləri avtomobilin yük yerinə qoyublar. Bir qədər getdikdən sonra  nəqliyyat vasitəsini saxlayıb sürücünü yol kənarında buraxaraq hadisə yerindən uzaqlaşıblar.

 

Faktla bağlı cinayət işi başlanıb, “Hyundai-Elantra” markalı avtomobil sahibinə qaytarılıb.

 

Müəllif | Apa.Tv