Çingiz Abdullayev “Neftçi”nin rəhbəri seçildi
Bu gün “Neftçi” klubu yeni rəhbərini seçib. APA TV-nin məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının rəhbəri vəzifəsinə tanınmış yazıçı Çingiz Abdullayev seçilib. Bundan əlavə, yeni yaradılan Şuranın üzvləri də təsdiqlənib.
“Neftçi”nin prezidenti vəzifəsindən uzaqlaşdırılan Sadıq Sadıqov bundan sonra Müşahidə Şurasının üzvləri sırasında yer alacaq. Onunla yanaşı, Bəhram Bağırzadə, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov və Cəbrayıl Cəbrayılov da həmin şurada olacaq. Digər üzv Çingiz Abdullayev isə Şuraya rəhbərlik edəcək.
İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib: “Bu gün nəinki "Neftçi"də, bütövlükdə Azərbaycan futbolunda dəyişiklik vaxtı gəlmişdi”.
Komandanın aksiyalarının satılacağını deyən AFFA rəhbəri bildirib ki, klub idarəçiliyi ictimailəşəcək.
Daha sonra Çingiz Abdullayev çıxış edib. O bildirib ki, növbəti seçkidə istəməsələr, komandada qalmayacaq.