Bakıda bacı-qardaşı vuran maşın başqa avtomobillə toqquşdu
Ötən gecə paytaxtın Nərimanov rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza rayonun Fətəli xan Xoyski prospektində qeydə alınıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, prospektlə yüksək sürətlə hərəkət edən "Hyundai" markalı minik avtomobilinin sürücüsü yolu keçmək istəyən bacı və qardaşı - 17 yaşlı Fariz Əhmədov və 22 yaşlı Aysel Əhmədovanı vurub. Qəza bununla bitməyib, avtomobil əks istiqamətdə gələn "KİA" markalı nəqliyyat vasitəsinə çırpılıb. Əraziyə dərhal Yol Patrul Xidmətinin əməkdaşları gələrək baş vermiş qəzayla bağlı araşdırmalar aparıblar. Hadisə nəticəsində xəsarət alanlar yaxınlıqdakı 5 saylı kliniki tibbi mərkəzə çatdırılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra onlar 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların heç bir həyati təhlükəsi yoxdur. Qəzaya gəlincə, hadisənin dəqiq baş vermə səbəbinə ərazidə yerləşən təhlükəsizlik kamerasına baxıldıqdan sonra hüquqi qiymət veriləcək.
Qəza nəticəsində prospektdə müvəqqəti tıxac da yaranıb. Yararsız vəziyyətə düşmüş avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Bundan sonra avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.