Elman Rüstəmov: "Gələn ilin büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq"
"2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclasında bildirib. Onun sözlərinə görə, Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. İri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır.
İclasda Elman Sirac oğlu Rüstəmovun, o cümlədən, Xəqani Sərxan oğlu Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi müzakirə olunub. Millət vəkilləri Elman Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirib, onun bank sistemindəki rolu barədə danışıblar. Bununla yanaşı, millət vəkilləri manatın devalvasiyası ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmova suallar ünvanlayıblar. Elman Rüstəmov artıq 5-ci dəfə İlham Əliyev tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin sədrliyinə namizədliyinin təqdim edildiyini bildirib: "Mən bunu böyük etimad və etibar kimi qiymətləndirirəm. Bu mənim üzərimə böyük məsuliyyət qoyur".
İclasın sonunda E. Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi plenar iclasda təsdiqlənməsi tövsiyə edilib.