Mərkəzi Bankın sədri: "Həmin banklarla bağlı ciddi ölçü götürüləcək"

"Manatla götürülən krediti dollara çevirən banklarla bağlı ciddi ölçü götürüləcək".

 

APA TV-nin məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib: "Tövsiyə edərdim ki, banklar kreditlərini restrukturizasiya etsin və vaxtını uzatsın. Əgər banklar bu addımları atmasa, onda problemli kreditlərin həcmi arta bilər. Buna görə, banklara kreditlərin vaxtını 2-5 il və daha çox müddətə qədər uzatmağı məsləhət görürəm. Bu gün banklar 15-20%-lə kredit verir. Burada kifayət qədər gəlirlik var. Faizləri aşağı alın, əhali ziyan çəkməsin".

 

Millət vəkillərinin müvafiq sualına cavab verərkən Elman Rüstəmov bildirib ki, manatla götürülən krediti dollara çevirən banklarla bağlı əhali Mərkəzi Banka ünvanlaya bilər: "Mərkəzi Bank bu kommersiya bankları haqqında çox ciddi ölçü götürəcək. Bu çox ciddi qanun pozuntusudur. Əgər bank krediti manatla verib, sonradan müştərinin razılığı olmadan dollara çeviribsə, bu məlumatları bizə təqdim edin, biz bu banklar haqqında çox ciddi tədbirlər görəcəyik".

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı