İstanbulda daha bir terror hadisəsi: Şəhər Polis İdarəsinə hücum edildi

Türkiyənin İstanbul şəhəri daha bir terror hadisəsi yaşayıb. APA TV-nin məlumatına görə, bu dəfə İstanbul Polis İdarəsinə (Əmniyyət Müdirliyi) silahlı hücum olub. Polis əməkdaşlarının cavab atəşi ilə qadın terrorçu məhv edilib.

 

Binanın əsas giriş qapısındakı posta iki nəfər atəş açıb. Onlardan biri qadın olub. Polis əməkdaşları cavab atəşi açıblar. Qadın terrorçunun məhv edilməsinin görüntüləri də yayılıb.

 

Kişi terrorçu yaralansa da, hadisə yerindən qaça bilib. Atışma zamanı iki polis əməkdaşı da yaralanıb.

 

Helikopterlərin də yardımı ilə keçirilən əməliyyat zamanı yaralı terrorçu da ələ keçirilib. O, ərazidən uzaqlaşa bilməyib.

 

Məhv edilən qadın terrorçunun üzərində iki qumbara, avtomatik silah və tapança aşkarlanıb. Tapılan partlayı maddələr istehkamçılar tərəfindən məhv edilib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl İstanbulun ədliyyə binasına terror hücumu zamanı şəhid olan prokuror Mehmet Selim Kirazın yas mərasiminə gedib, ailəsinə başsağlığı verib. Prezident ora toplaşanlar qarşısında son günlərin terror hadisələri barədə çıxış edib.

 

Polis idarəsinə hücum zamanı məhv edilən qadın terrorçunun şəxsiyyəti artıq məlumdur. Bu, Elif Sultan Kalsendir. Onun adı terror aktlarında ilk dəfə deyil hallanır. Belə ki, Elif Sultan Kalsenin Sultanəhməddə turizm şöbəsinə terror hücumunu təşkil etdiyi bildirilsə də, sonradan terror aktını rusiyalı Diana Ramazanovanın törətdiyi müəyyən edilmişdi. 

Müəllif | Apa.Tv
Apa.tv