Neftçalada balıq tutmaq istəyən kişini elektrik cərəyanı vurub öldürdü

Neftçala rayonunda balıq tutmaq istəyən Lənkəran sakinini yüksək gərginlikli elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bədbəxt hadisə Neftçala rayonunun Qaçaqkənd kəndi ilə Salyanın Şorsulu kəndini ayıran Mil-Muğan kollektorunda qeydə alınıb. Lənkəran sakini, 65 yaşlı Sorab Cəfərov balıq tutmaq üçün yaxın dost və qohumları ilə birgə həmin əraziyə gəlib. O, uzunluğu 7 metrdən çox olan metal tilovu çiyninə dayayaraq, kanalda balıq tutmaq üçün aşağı enmək istəyib. Bu zaman çiynindəki tilov 35 min kilovoltluq yüksək gərginlikli elektrik naqilinin yaratdığı elektrik sahəsinə düşüb. Naqillə tilov arasında yaranan cərəyan balıqçını vurub.

 

Elektrik cərəyanı vurandan sonra yaxınları və qohumları tərəfindən Sorab Cəfərova ilk tibbi yardım göstərilib. Sorab Cəfərov torpaqda qurşağa kimi basdırılıb ki, elektrik cərəyanı bədənindən çıxsın. Lakin 5 dəqiqə keçməmiş, o, dünyasını dəyişib.

 

Hadisə yerinə Neftçalanın hüquq-mühafizə orqanlarının əməkdaşları və Salyandan isə təcili tibbi yardım maşını gəlib. Mərhumun meyiti daxili və xarici müayinə üçün məhkəmə-tibb ekspertizasına göndərilib. Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı