Suraxanıda mağaza qarət edilib - REAL GÖRÜNTÜ
Bakının Suraxanı rayonunda ərzaq mağazası qarət edilib. APA TV-nin məlumatına görə, pəncərəni sındıraraq mağazaya daxil olan naməlum şəxsin hərəkətləri müşahidə kamerasına düşüb.
Sanki mağazada kamera olduğunu əvvəlcədən bilən şəxs üzünü bağlayır və mağazanı qarət etməyə başlayır. O, əvvəlcə kassaya yaxınlaşır və pulları götürür. Daha sonra ərzaq malları və tütün məmulatlarını yığmağa başlayır.
Hadisə Qaraçuxur qəsəbəsində Lətifə Nəbiyevaya məxsus ərzaq mağazasında qeydə alınıb. Mağaza sahibi gecə baş verən hadisədən səhər xəbər tutub.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları qarət olunan mağazaya gələrək, əl izlərini və kamera görüntülərinin götürüblər. Mağaza sahibinin sözlərinə görə, ona külli miqdarda ziyan vurulub.
Qadın hadisənin onu tanıyan adamlar tərəfindən törədildiyini iddia edir.
Faktla bağlı cinayət işi başlanılıb. Müşahidə kamerasının görüntüləri əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Mağaza sahibinin sözlərinə görə, oğurluq bir neçə nəfər tərəfindən törədilib və onların istifadə etdiyi maşının nömrəsi də məlumdur.