Ata Qriqoryan: "Oğlum hərbi hissədə incidildiyi üçün Azərbaycan tərəfə keçib"
Könüllü olaraq, Azərbaycan tərəfinə təslim olmuş erməni əsgər Andranik Qriqoryanın atası Artur Qriqoryan oğlunun xidmət etdiyi hərbi hissədə incidildiyi barədə fikirlərini təkrarlayıb. APA-nın "armtoday.info" saytına istinadən verdiyi məlumata görə, o, oğlunun ailədə olan problemlər səbəbindən Azərbaycana keçməsi barədə iddiaları təkzib edib. Ata Qriqoryan bildirib ki, hərbi hissədə oğluna əziyyət veriblər.
Erməni hərbçinin anası Nelli Qriqoryan da deyib ki, ailədə olan problemlər oğlunun Azərbaycan tərəfinə keçməsinə səbəb ola bilməzdi. Ana ümidvar olduğunu bildirib ki, oğlu sağ-salamat evə qayıdacaq.
Qeyd edək ki, A. Qriqoryanın özü hərbi hissədə döyüldüyü, incidildiyi üçün Azərbaycan tərəfə təslim olduğunu bildirib. Atası da oğlunun dediklərini təsdiqləyib, oğlunun xidmət etdiyi hərbi hissədə mütəmadi incidildiyini deyib.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə mətbuata açıqlamasında Andranik Qriqoryanın Azərbaycan tərəfinə keçməsinə görə onun ailəsini ittiham etmişdi. Nazirin bu açıqlaması həm Qriqoryan ailəsinin, həm də erməni ictimaiyyətinin narazılığına səbəb olmuşdu. Məhz bu narazılığı nəzərə alaraq, S. Ohanyan mətbuata verdiyi son açıqlamasında A. Qriqoryanın Azərbaycan tərəfə təslim olmasının səbəbləri haqqında yalnız araşdırmalar aparandan sonra konkret nəsə deməyin mümkün olduğunu qeyd edib, ailəsində problemləri olması barədə heç nə deməyib.
Erməni silahlı bölmələrinin 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçusu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək, könüllü olaraq ordumuza təslim olub. O, Ermənistan Ordusundakı hərc-mərclikdən, aclıqdan bezdiyini qeyd edib.