5 saylı liseydə ekspertlər 430 şagirdə təlim keçəcəklər
Təhsil Nazirliyi ilə "Abşeron hotel group" MMC arasında razılaşmaya əsasən, 5 saylı liseydə ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçiləcək. Məqsəd I Avropa Oyunları ərəfəsində Bakıda istifadəyə veriləcək yeni beş ulduzlu "Bulvar hotel" və "İnturist hotel" mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır. APA TV-nin xəbərinə görə, bununla bağlı nazirliyin 5 saylı Bakı Peşə Liseyində xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimi keçirilib. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, peşə təhsili bütün təhsil sistemində mühüm rola malikdir: “Bu gün ölkəmiz sürətlə inkişaf edir. Ancaq biz görürük ki, iqtisadiyyatın bəzi sahələri üçün yerli əmək bazarında mütəxəssislər tapmaq mümkün olmur. Həmin sahələr üzrə xarici ölkələrdən peşəkarları dəvət edirik və bununla da ölkədə müvafiq sahələri xarici işçi qüvvəsi tutur. Bütün bu və ya digər məsələlər peşə təhsilinin qarşısında imkan, fürsət və çağırışdır”.
Təlimlərdən keçən gənclər Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək mehmanxanalarda işlə təmin olunmaq şansı qazanacaqlar. Rəsmi hissədən sonra qonaqlar liseydə layihə çərçivəsində keçirilən təlim prosesini izləyiblər.