Nazir: "Otellərin manatla göstərilən xidmətlərində qiymət dəyişikliyi yoxdur"
"Azərbaycanda turistlərin təhlükəsizliyini təmin etməkdən ötrü turizm şirkətlərinin sığortalanma məsələsinin də yer aldığı yeni qanun layihəsi bu il parlamentdə müzakirəyə çıxarılacaq".
APA TV-nin xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində turistlərin təhlükəsizliyi və sığortası məsələsi yer alıb: "Hazırkı qanunda təhlükəsizlik və sığorta ilə bağlı məsələlər əks olunmayıb. Ona görə də biz bu məsələnin üzərində ciddi çalışırıq. Artıq müvafiq dövlət orqanlarına təqdim olunan qanun layihəsi bu il parlamentin müzakirəsinə çıxarılacaq. Bu günə kimi Azərbaycanda turistlərin təhlükəsizliyi ilə bağlı heç bir xoşagəlməz hadisə baş verməyib. Eyni zamanda Azərbaycanda indiyə qədər heç bir turizm şirkəti müflisləşməyib".
Nazirlik tərəfindən turizmlə bağlı yeni brendin patentləşdirildiyini deyən Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda Avropa Oyunları zamanı və oyunlardan sonra mütləq şəkildə milli mətbəx brendi təqdim ediləcək.
Nazir əlavə edib ki, otellərə Azərbaycan mətbəx nümunələrini turistlərə təqdim etmək tövsiyyə olunacaq.
O, nazirliyin hotellərdə qış turizmi ilə əlaqədar monitorinqlər keçirdiyini və monitorinq zamanı qiymət artımının qeydə alınmadığını deyib: “Bəlli olub ki, hotellərin xidmət keyfiyyəti artıb. Ötən ilə nisbətən bu il heç bir hoteldə bahalaşma olmayıb. İnanıram ki, yay turizm mövsümü zamanı da hotellərdə, turizm obyektlərində bahalaşma olmayacaq. Çünki buna əsas yoxdur . Hətta yeni açılan hotellərdə turistlərə xüsusi imtiyazlar və cəlbedici təkliflər olunur. Nazirlik yeni turist marşrutlarının formalaşdırılmasına xüsusi önəm verir. Hazırda tarixi abidələrin qorunması və həmin yerlərə turistlərin cəlb edilməsi istiqamətində işlər aparırıq”.
Əbülfəs Qarayev bildirib ki, Bakıda və regionlarda otellər tərəfindən manatla göstərilən xidmətlərdə heç bir qiymət dəyişikliyi yoxdur.