Azərbaycan prezidenti Dubay əmiri ilə görüşüb
Azərbaycana rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev qonağı qarşılayıb. Azərbaycan dövlət və hökumət nümayəndələri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Sonra prezident İlham Əliyevin və Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olunub. Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə görüşdən sonra Prezident İlham Əliyevin və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Halların, Böhranların və Fəlakətlərin İdarə Edilməsi Komitəsi arasında fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqaş imzalayıblar.
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Komitəsi arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri imzalayıb.