Ərəstun Mehdiyev: "Ermənistan faşizmin məğlubiyyətindən nəticə çıxarmır"
"Böyük Qələbə xalqların birgə mübarizəsi nəticəsində əldə olunub. Azərbaycan bu qələbəyə öz tövhəsini verib".
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib. O bildirib ki, Böyük Vətən Müharibəsində 700 minə qədər azərbaycanlının cəbhəyə yollandığını, onların yarısının həyatını itirdiyini, 40-a qədər soydaşımızın Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Azərbaycan bu illərdə neft məhsullarının 89 faizini təmin edib, ölkədə müxtəlif təyinatlı məhsullar istehsal edilib. Bir çox ölkə kimi biz də Böyük Qələbənin 70 illik yubileyini qeyd edəcəyik.
Bakı Slavyan Universitetində "Böyük Qələbənin yubileyi: canlı xatirə” mövzusunda konfrans keçirilib. MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə "Şimal-Cənub" Politoloji Mərkəzi tərəfindən təşkil edilən konfransda çıxış edən Ərəstun Mehdiyev Böyük Vətən Müharibəsinin xalqımızın tarixinin bir parçası olduğunu, müəyyən dövrdə bu tarixi hadisəyə fərqli münasibət müşahidə olunsa da, Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra həm bu tarixə obyektiv münasibətin ortaya qoyulduğunu, həm də Böyük Vətən Müharibəsi veteranlarının qayğı ilə əhatə olunduğunu qeyd edib: “Azərbaycan xalqı hazırda SSRİ dövründə birgə yaşadığı Ermənistanın təcavüzünə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal olunub. Ermənistan 20 il ərzində təcavüzkar və etnik təmizləmə siyasətini davam etdirir. Biz MDB ölkələrinin Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, Dağlıq Qarabağ münaqişəsinin həllində yardımçı olacağına inanırıq. BMT-nin 4 qətnaməsində erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Nə üçün Ermənistan Böyük Vətən Müharibəsindən, faşizmin məğlubiyyətindən nəticə çıxarmır?”
Rusiya Federasiya Şurasının Sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova, Belarus Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Vyaçeslav Daniloviç Böyük Vətən Müharibəsinə qeyri-obyektiv qiymətin verilməsi istiqamətində cəhdlərdən narahat olduqlarını, Belarus prezidenti Aleksandr Lukaşenkonun da bu məsələyə dəfələrlə toxunduğunu diqqətə çatdırıblar.
Tədbir çıxışlarla davam edib.