Bakının bəzi küçə və prospektlərində sürət həddi aşağı salınıb

Bakının bəzi küçə və prospektlərində sürət həddi aşağı salınıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən APA TV-yə verilən məlumata görə, hava şəraiti nəzərə alınaraq, Böyükşor-Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Sürət həddi 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.

Hava şəraiti dəyişən kimi sürət həddi yenidən əvvəlki vəziyyətə qaytarılacaq.

“Azəryolservis” ASC-dan onu da bildiriblər ki, Avropa Oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir və artıq bir sıra tikinti-yenidənqurma işləri yekunlaşıb. Nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-ə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanacaq.

 

Prospektin bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdır. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.

 

Müəllif | Apa.Tv