I Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlıqla əlaqədar sınaq yarışları keçiriləcək

Mingəçevirdə “Bakı-2015” Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlıqla əlaqədar sınaq yarışları keçiriləcək. APA TV-nin xəbərinə görə, Avarçəkmə üzrə yarış menecer Jean Jerome Perrin deyib ki, Mingəçevir şəhərində yarışlar keçiriləcək obyektlərdə əldə edilən irəliləyişlər onu heyran edib. Həmin obyektlər idmançıların hər cür ehtiyaclarını qarşılayacaq və onlara oyunlar zamanı ən yüksək şəkildə çıxış etmək imkanı yaradacaq.

Obyektlərin Avropa Oyunlarının tələblərinə uyğun olması və yüksək standartlara cavab verməsi üçün hazırda obyektlərdə geniş təkmilləşdirmə işləri gedir. İyunun 14-16-da Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə yarışlar keçiriləcək. Yarışda 37 ölkədən 350-dən çox kişi və qadın idmançının iştirakı gözlənilir: “Ümumi hazırlıq işləri çox yüksək səviyyədə davam edir. Biz hazırda şəhərdə könüllülər və texniki işçilər üçün treninqlər təşkil edirik. Əsas məqsədimiz Avropa Oyunları zamanı könüllülərin necə hərəkət etməsi və hansı işləri görməsi üçün onları daha təcrübəli etməkdi. Oyunlar vaxtı idman yarışlarının təşkili ilə bağlı 100 nəfər könüllü xidmət göstərəcək. Amma idman yarışlarından əlavə başqa işləri də görəcək daha 300 nəfər könüllümüz olacaq”.

 

O, idmançıların Mingəçevirə iyunun 10-11-də gələcəyini bildirib: “Kürün sahilində və əsas yarış zonasında hazırlıq işləri başa çatmaq üzrədir. Burada 1000-ə yaxın tamaşaçı üçün oturacaq quraşdırılıb. Burada idmançıların istirahət zonası təşkil olunur, çadırlar qurulur, şəhərdə müxtəlif tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görülür. Kür çayı sahilində tikinti-abadlıq işləri davam etdirilir, yaşıllaşdırma tədbirləri görülür, Hazırda biz sınaq yarışına hazırlaşırıq. Azərbaycan Milli Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə aprelin 3-5-də Mingəçevirdə keçiriləcək sınaq yarışlarında Azərbaycan, Türkiyə və Gürcüstandan 100-ə yaxın avarçəkən iştirak edəcək”.

    

Müəllif | Apa.Tv
Elvin Yaqubov