Bakıda dəhşətli qəza! 18 maşın toqquşdu, yaralanan var

Ötən gecə paytaxtın Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, baş verən zəncirvarı qəzada 18 maşın toqquşub. Hadisə "Yeni Yasamal" yaşayış massivində, Əsəd Əhmədov küçəsində qeydə alınıb.  Daşla dolu ZİL markalı yük maşını  yolun sağ və sol hərəkət hissəsində olan avtomobilləri əzib. Yük maşını yol kənarındakı binanın şlaqbaumuna dəydikdən sonra dayanıb. Nəticədə ZİL də daxil olmaqla 18 maşın yararsız hala düşüb. Baş verən zəncirvarı qəzada avtomobillərdən birinin sərnişini ağır yaralanıb. Yaralı sərnişin təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb. 


Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal rayon şöbəsinin əməkdaşları gəliblər. Qəza baş verən küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Polislərin ilkin araşdırması zamanı məlum olub ki, qəzaya ZİL markalı yük maşınının  əyləc sistemində yaranan nasazlıq səbəb olub. Qəzadan sonra yük maşınının sürücüsü sərxoşluq yoxlanışı üçün polis bölməsinə aparılıb. Yararsız halda olan maşınlar evakuatorlar vasitəsilə ərazidən uzaqlaşdırılıb. Yalnız bundan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub. 
 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv