Batan gəmidə itkin düşənlərin axtarışı dayandırılıb, hələlik 4 azərbaycanlı xilas edilib

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” balıqçı gəmisinin xilas edilən heyət üzvləri arasında azərbaycanlılar da olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Mayılağa Talıbov,  Elman Əliyev ,Yaşar Əliyev və İmaməddin Sadıqov qəzadan sonra xilas edilənlər arasındadır. Digərlərinin taleyi barədə hələlik məlumat yoxdur.


APA TV-nin Moskva müxbiri Fərid Əkbərovun məlumatına görə, batan gəmidən xilas olunan azərbaycanlı İmaməddin Sadıqovun qardaşı ilə danışıb: “O, qardaşının xilas olunduğunu bildirdi. Lakin onunla əlaqə saxlaya bilmədiklərini qeyd elədi. Mirzə Sadıqovun sözlərinə görə, qardaşı İmaməddin də daxil olmaqla gəmidə olan Əliyev qardaşları və Fazil Şəkərov Rusiya vətəndaşlarıdır.
 

Rusiya FHN-dən aldığım son məlumata görə, Səfərov Məhəmməd Məhərrəmov, Muradəli Qurban və Fazil Şəkərovdan xəbər yoxdur. Onların xilas olunub olunmadığı hələlik naməlum qalır. Nazirlikdən onu da bildiriblər ki, hazırda orada gecə olduğundan xilasetmə işləri dayandırılıb. Xilas olunanları daşıyan “Andremed” gəmisinin isə hava şəraiti ilə əlaqədar gələn həftənin birinci günü Saxalinə çatacağı bildirilir".
 

Qeyd edək ki, Oxot dənizində gəminin batması barədə məlumat aprelin 1-də Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 ibarət heyətinin 78 üzvü Rusiya, 54 üzvü isə başqa ölkələrin vətəndaşlarıdır. Qəza nəticəsində 56 nəfər ölüb, 13 balıqçının taleyi hələlik bəlli deyil. Xilas olunanların vəziyyəti ağırdır.

Müəllif | Apa.Tv
Apa.tv