Monteneqro Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib


"Monteneqro ilə Azərbaycan arasında yaxın dostluq və siyasi-iqtisadi əlaqələr var və bu belə də davam edəcək". Bu fikirləri APA TV-yə Monteneqronun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliçi deyib. Onun sözlərinə görə, Monteneqro Azərbaycanı daima dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanındadır: "Bu uzun zamandan bəri davam edən bir münaqişədir. Hesab edirəm ki, BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələr tez bir zamanda yerinə yetirilməlidir və yerinə yetiriləcək".
 
Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında Monteneqro idmançılarının yaxından iştirak edəcəyini deyən səfir onu da bildirib ki, ölkəsi yarışlarda 40 idmançı ilə təmsil olunacaq. Eyni zamanda Avropa Oyunlarının açılış mərasimində hökumətin yüksək vəzifəli  nümayəndələrinin də iştirakı gözlənilir. 
 
Səfir Branko Miliç aprelin 1-dən etibarən Azərbaycan vətəndaşları üçün Monteneqroya səfər zamanı viza tələbinin müvəqqəti ləğv edildiyini bildirib. Bundan sonra Azərbaycanlı turistlər 90 gün müddətində bu ölkəyə səfər edə biləcəklər. Eyni zamanda yaxın günlərdə Azərbaycan-Monteneqro arasında aviareyslər yerinə yetiriləcək. 

Müəllif | Apa.Tv