Obama: “İran bizi aldatmağa çalışsa, bütün dünya biləcək”

İran və “altılıq” ölkələri (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında nüvə proqramı üzrə razılaşmanın əsas bəndləri müəyyən edilib. APA-nın məlumatına görə, bu fikirləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan ediblər.


Tərəflər İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılmasına dair razılıq əldə ediblər. Bununla belə, İranda nüvə obyektlərinin heç birisi sökülməyəcək. Uranın zənginləşdirilməsi ilə yalnız Natanze şəhərindəki zavod məşğul olacaq. Müəssisə 3,76%-dək zənginləşdirilmiş uranı yalnız mülki məqsədlər üçün istehsal edəcək. Fordo şəhərindəki müəssisə isə elmi-tədqiqat nüvə fizikası mərkəzinə çevriləcək. MAQATE (Atom enerjisi üzrə Beynəlxalq Agentlik) İranın nüvə proqramının sülh xarakterli olmasını izləyəcək. Təşkilatın ekspertləri İranın nüvə obyektlərinə 20 il ərzində baxış keçirə biləcəklər.

İyunun sonuna planlaşdırılan hərtərəfli sazişin bağlanmasından sonra isə ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalar tədricən aradan qaldırılacaq.


ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı üzrə razılaşmanı ABŞ-SSRİ sazişləri ilə müqayisə edib. Ağ evdə açıqlama edən Obama bildirib ki, “O zamanlardakı sazişlər ideal olmasa da, onların mövcudluğu dünyanı təhlükəsiz etmişdi. İranla bağlanan sazişdə həmin məqsədə xidmət edir”. 
Onun sözlərinə görə, İran uranı zənginləşdirmək məqsədi ilə yeni nüvə təsisi tikməyəcəyinə söz verib. "İran bizi aldatmağa qalxarsa, bunu bütün dünya biləcək"  deyə, Obama qeyd edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı