Azərbaycanda mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirildi


Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.


Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis qüvvələrinin iştirak etdiyi əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsi, alqı-satqısı və narkotərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 9 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb. Balakən sakinləri olan bu şəxslərin 2-si əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub. Onların üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 2 avtomat, 1 “TOZ-8” tüfəngi, 2 tapança, 1 qaz tapançası, alışqanları ilə birlikdə 8 əl qumbarası, 70-ə yaxın müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda 9,2 kiloqram marixuana və aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 1800 ədəd çətənə kolu götürülüb.  
 

Bundan başqa, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Samir Babayev qanunsuz odlu silah - tapança saxladığına görə tutulub.
 

Əməliyyat tədbirlərinin davamı olaraq onun rayonun Dağkəsəmən kəndindəki evindən "Naqan" tipli tapança və 4 ədəd patron da aşkar olunaraq götürülüb.
 

Müəllif | Apa.Tv