Göygöldə ağır qəza: ölən və yaralananlar var

Göygöldə baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Göygöl-Samux yolunun Xəqani kəndindən keçən hissəsində baş verib.

 

50 yaşlı Şəmkir rayon sakini Kəmaləddin Qafarov Şəmkir istiqamətində "QAZel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə "QAZel" yoldan çıxaraq aşıb. Qəza nəticəsində 51 yaşlı Şəmkir rayonunun Alabaşlı kənd sakini Səfər Tağıyev elə hadisə yerindəcə dünyasını dəyişib. Daha 2 nəfər isə ağır yaralanıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Həkim Mehman Hüseynov bildirib ki, Şəmkir rayon Könüllü kənd sakinləri - 47 yaşlı Bahar Cəfərovaya alın və burunun yumşaq toxumalarının əziyi, 51 yaşlı Gülbəz Tanrıverdiyevaya isə bazu sümüyünün sınığı diaqnozu qoyulub: "Xəstələr müayinə olunub. Vəziyyətləri qənaətbəxşdir".

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli